Türkiyədə qarşıdurma: əsgərlər daş-qalaq edildi
Türkiyənin Hakkari vilayətində icazəsiz aksiyaya cəhd göstərən şəxslərlə ordu əsgərləri arasında toqquşma baş verib, yaralananlar olub. APA TV-nin məlumatına görə, Barış və Demokratiya Partiyasının Hakkari şöbəsinin sədrinin rəhbərlik etdiyi bir qrup partiya üzvü Məskən dağında Türkyiə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi əraziyə soxulmağa cəhd edib. Onların qarşısını əsgərlər kəsiblər. Aksiya iştirakçıları yeni postların qurulmasına etiraz əlaməti olaraq, dağın zirvəsində çadır qurmaq istədiklərini bildiriblər. Lakin hərbçilər təhlükəsizlik səbəbilə buna icazə verilməyəcəyini bəyan ediblər və gərginlik yaranıb. Dağa zorla çıxmağa cəhd göstərən qrupun bəzi üzvləri əsgərləri daş-qalaq ediblər. Hərbçilər gözyaşardıcı qazdan istifadə edərək aksiya iştirakçılarını dağıtmağa başlayıb. Toqquşmalarda 3 nəfər yaralanıb. Yaralılar Hakkari dövlət xəstəxanasına aparılıb.
Ərazidəki hərbi birləşmənin komandanlığı Məskən dağında post yaradılmadığını bildiriblər, Barış və Demokratiya Partiyasının nümayəndə heyətinə dağa çıxaraq, post yaradıldığı iddia edilən əraziyə baxmağa icazə verilib. Bundan sonra ərazidə sakitlik bərpa olunub.