Cəngəl zarafatı dostların davasına səbəb olub

Bir il əvvəl Bakıda törədilmiş cinayətin üstü açılıb. APA TV-nin xəbərinə görə, hadisə ötən il aprelin 29-da paytaxtın Xətai rayonunda, Məhəmməd Hadi küçəsində yerləşən kafedə baş verib. Gecə saatlarında kafedə yaranan münaqişə zəminində düşən dava zamanı Məmmədov Tərlan Qüdrət oğluna ağır bədən xəsarətləri yetirilib. Daha doğrusu, naməlum şəxs bir çəngələ üstündə onu butulka ilə vurub.

 

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Gürcüstan vətəndaşı Mirzəyev Bəşir İmani oğlu törədib. Bəşir Mirzəyevin şəxsiyyəti müəyyən edilsə də, bu ilin aprelinədək onu saxlamaq mümkün olmayıb. Nəhayət, bu il aprelin 5-də Bəşir Mirzəyev Azərbaycanı tərk etmək istəyərkən ələ keçirilib. Onu Gürcüstanla sərhəddə saxlayıblar. Şübhəli törətdiyi əməli etiraf edib:

 

Bəşir Mirzəyevin özü bildirib ki, hadisə bir çəngəlin, daha doğrusu, çəngəl zarafatının üstündə baş verib. O, kafeni işlədən həmyerlisi ilə zarafatlaşmaq üçün çəngəllərdən birini götürüb və gizlətmək üçün ofisianta verib. Həmyerlisi iş dalınca gedəndən sonra Bəşir də evə getmək istəyib və hər şey bundan sonra başlayıb. Kafenin işçiləri ondan çəngəli yerinə qoymasını tələb ediblər: "Ofisianta dedim ki, çəngəli gətir. Dedilər ki, ofisiant yox, sən gətirəcəksən. Mən də dedim ki, mənim, ya da ofisiantın gətirməsinin nə fərqi var. Söyüş söydü. Mən də söyüşü qaytardım. Ayağa qalxdı, məni vurdu. Ofisiant və mühafizəçilərlə birlikdə 7-8 nəfər oldular. Məni yumruqla, təpiklə vurdular. Gözümə butulka sataşdı. Onu götürdüm. Sonrasını xatırlamıram".

 

Beləcə, çəngəl zarafatının sonu qanla bitib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv