Xarkovda qanuni hakimiyyət bərpa olundu, Donetskdə hücum hazırlanır
Ukrayna təhlükəsizlik qüvvələri separatçılar tərəfindən ələ keçirilmiş Donetsk vilayət dövlət administrasiyasının binasını hücumla ələ keçirmək planını bir gün təxirə salıblar. Bu barədə milyarder Rinat Axmetovla birlikdə separatçı qrupun təmsilçiləri ilə keçirdiyi görüşdən sonra Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema deyib.
Onun sözlərinə görə, hakimiyyət qan tökməmək üçün əlindən gələni edəcək. “Etiraz edənlərlə danışıqlara getmək lazımdır, əgər onları güc tətbiq edərək qovsaq, geri qayıdacaqlar”. Aksiyada iştirak edənlər isə silahı təhvil verəcəklərini vəd ediblər.
Güc strukturları Xarkovda isə ələ keçirilmiş vilayət administrasiya binasını gecə saatlarında nəzarətə götürüblər. Binanın əksər hissəsində milis qüvvələri yerləşdirilib, yalnız foyedə barrikada qurmuş separatçılar var. Ukrayna Milli Təhlükəsizlik Xidməti separatçıların təxribat planlarının qarşısının alındığını bəyan edib. Bununla yanaşı qurumdan bildiriblər ki, əksər şərq vilayətlərində güc strukturlarının əməkdaşları mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirirlər.
Xatırladaq ki, son günlər Donetsk və Xarkov vilayət administrasiyalarının, Donetsk və Luqanskda Təhlükəsizlik Xidmətinin, Mariupol şəhər prokurorluğunun binaları ələ keçirilib, üç böyük şəhərdə nəqliyyat kommunikasiyaları blokadaya alınıb. Binaları ələ keçirənlər Krımda olduğu kimi referendum keçirilməsini və Rusiyaya birləşməyi tələb edirlər.