Saç tökülməsi bəlası: səbəbləri, qurtulmaq yolları

Rejimsiz qidalanma, saçlara düzgün qulluq edilməməsi, stress, depressiya, ekoloji faktorlar saçların tökülməsinə səbəb olur.

 

Respublika Dəri-Zöhrəvi Dispanserinin həkimi Fuad Kazımov APA TV-yə

 

deyib ki, hər bir normal insanın başından gündə 10 tük tökülməlidir. Bu saçların tökülməsi seyrəlməyə səbəb olmur. Proteinli qidalardan sui-istifadə, dəmir və sink çatışmazlığı, saçların tez-tez yuyulması, jele və ya lakdan istifadə saçların tökülməsi ilə nəticələnir: "Saçların tökülməsi bilavasitə bir amildən asılı deyil. Bu həm daxili orqanların xəstəliyindən asılıdır, həm də saçların özündə gedən proseslərdən. Saç tökülməsinə ümumi yanaşma düzgün deyil. Bu genetik də ola bilər, xəstəlikdən də".

 

Fuad Kazımovun sözlərinə görə, saçları tez-tez fenləmək, onları düzləşdirmək üçün yüksək istilikdə edilən proseslər də saç tökülməsinə səbəb olur. Bundan əlavə, saçları rəng açıcıdan istifadə edərək rəngləmək, saçı sıx-sıx hörmək də saç tökülməsinə təsir edən amillərdir.
Həkim-dermotoloq deyir ki, saç tökülməsinə kortəbii yanaşmaq olmaz:

"Orqanizmin immum çatışmazlığının da saç tökülməsində böyük rolu var. İnfeksiyalar, qida qəbulu, yuyucu vasitələrin də burda böyük rolu var. Bu gün müxtəlif növ şampunlar reklam olunur. İnsanlar da bundan kortəbii şəkildə istifadə edir. Amma kəpəyin yaranması da, saçın tökülməsi də individual xarakter daşıyır".

 

Mütəxəssislərin fikrincə, dəmir və zülal çatışmazlığı saç tökülməsinin ən çox rast gəlinən qida qaynaqlı səbəblərindəndir. Bədəndə dəmir və zülal qəbulu azalanda saç tökülməyə başlayır.
 

Fuad Kazımov tövsiyyə edir ki, saçları isti su ilə yumaq olmaz, ancaq soyuq su ilə də yumaqdan çəkinmək lazımdır. Saçlar nə qədər çox yağlı olsa, onların yuyulması üçün istifadə edilən su da bir o qədər sərin olmalıdır.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı