"Vaxa" ləqəbli "qanuni oğru" Baxış Əliyev qətlə yetirilib
Odessada keçmiş "qanuni oğru", kriminal aləmdə "Vaxa" ləqəbi ilə tanınan 39 yaşlı Baxış Əliyev güllələnib. Hadisə aprelin 7-də axşam saatlarında "Veçerniy Baku" restoranında baş verib. Onunla birlikdə mühafizəçi də hadisə yerində ölüb.
APA TV-nin xəbərinə görə, Gürcüstanın Dmanisi rayonunun Mamışla kəndindən olan milliyətcə azərbaycanlı Baxış Əliyev 2004-cü ildə Moskvada "tac"lanıb. 2006-cı ildə Hüseynov soyadlı azərbaycanlı sahibkarın oğurlanmasında və ardınca öldürülməsində təqsirli bilinərək həbs olunub. Lakin məhkəmədə Baxış Əliyevin bu cinayətdə iştirakı sübut edilməyib, o yalnız pul verib azadetmə prosesində iştirak etdiyinə görə, quldurluq maddəsi ilə ittiham olunub. "Vaxa"nın bu hərəkəti həmin aləmə yaraşmayan şəkildə qiymətləndirilib və 2007-ci ilin iyununda döyülərək "qanuni oğru" titulundan azad edilib.
Daha sonra "Ded Xasan" və gürcü "qanuni oğru"ları arasında yaranan münaqişə nəticəsində "Ded Xasan" onun titulunu bərpa edib və Ukraynaya Rövşən Canıyevin mövqeyini sıxışdırmağa göndərib. İl yarım müddətində Baxış Əliyevi 4 dəfə saxlayaraq, Ukrayna sərhədlərindən kənara çıxarıblar. 2012-ci ilin noyabrında o, sonuncu dəfə deportasiya olunan zamanın İstanbulda Rövşənin başçılıq etdiyi gürcü oğrularla rastlaşıb. Onlar onu ölümcül döyüblər və tamamilə oğru dünyasından uzaqlaşdırıblar. Onun həmin ailəyə qayıtmaq üçün son ümidi isə "Ded Xasan" Moskvada öldürüldükdən sonra puç olub.