Sığorta hesabatları elektronlaşdırlır
Dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, bu xidmətlərin əlçatanlığının artırılması üçün Dövlət Sosial Müdafiə Fondu "Elektron hökümət"lə bağlı ardıcıl işlər həyata keçirir. APA TV-nin xəbərinə görə, fondun maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu bildirib ki, DSMF-nin əhaliyə göstərdiyi elektron təminat qısa müddətdə ən çox istifadə olunan xidmətlər sırasındadır: "Əvvəllər sığorta edənlər öz hesabatlarını kağız üzərində təqdim edirlərdisə, indi elektron formada təqdim edir. Artıq 11100 sığortaedən hesabatını elektron formada DSMF-yə təqdim edib. Biz Bakı şəhəri üzrə belə tələb qoymuşuq ki, hamısı elektron formada təqdim etsin".
Rüfət Oruclu bildirib ki, şəbəkə tam formalaşandan sonra isə hesabatların kağız formasında qəbulu ləğv olunacaq. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatçılığı avtomatlaşdırılmış pay torpaq mülkiyyətçiləri DSMF şöbələrində yaradılan "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada tətbiq edə bilərlər. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı fondun saytlarında yerləşdirilib.