Xaçmazda 45 yaşlı kişi bıçaqlanıb
Xaçmaz rayonu Qaraqurdlu kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakini 45 yaşlı Çingiz Əliməmmədov bıçaqlanıb. APA TV-nin xəbərinə görə, o, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkim Ağayar Quliyev deyib ki, xəstəyə sol budun yuxarı 1/3 hissəsinin kəsilmiş-deşilmiş və təpə nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-stabildir. Həyatı üçün təhlükə yoxdur.
Yaralı Çingiz Əliməmmədov onu tanışı, 32 yaşlı həmkəndlisi Ceyhun İbrahimovun bıçaqladığı bildirir. Onun sözlərinə görə, Ceyhun İbrahimov əvvəl başına küt alətlə vurub. Huşunu itirən həmkəndlisinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Ceyhun İbrahimovun hadisə zamanı içkili olduğu qeyd edilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsindən açıqlama verilməyib.