Nəcməddin Sadıkov: “Azərbaycan xalqının səbri tükənməz deyil”
Beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi uzun müddət ərzində işğalın qanunsuz olaraq davam etməsinə yardım edir. APA TV-nin xəbərinə görə, bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Bakıda keçirilən MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında deyib. Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüququn ona verdiyi bütün hüquqlardan istifadə edəcək: "Biz bu münaqişənin dinc yolla həllinə tərəfdarıq və hesab edirik ki, bunun üçün hələ də şanslar və ümidlər qalır. Lakin eyni zamanda, Azərbaycan xalqının səbri tükənməz deyil. Bu münaqişənin təşkilatçıları onların ölkəsinin itirdiyi və qazandığını təhlil etməli, keçmiş və həm də bugünkü reallıqları daha dərindən dərk etməli və bilməlidirlər ki, Azərbaycan xalqı heç vaxt bugünkü vəziyyətlə barışmayacaq".
Nəcməddin Sadıkov vurğulayıb ki, Ermənistan istisna olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr və beynəlxalq qurumlar tərəfindən tanınıb: "Ermənistanın işğalçı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə tabe olmalıdır və Azərbaycan ərazilərini tərk etməlidir. Hesab edirik ki, bu məsələ beynəlxalq hüquq prinsipləri çərçivəsində öz həllini tapa bilər. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır və ikili standartlar olmamalıdır. Heç kim müstəsna hüquqa malik ola bilməz".
Baş Qərargah rəisi qeyd edib ki, bu gün Ermənistanın yürütdüyü siyasət onu regiondakı bütün iqtisadi layihələrdən təcrid edib. Onun sözlərinə görə, Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır və bu tendensiya davam edəcək.