Ticarət mərkəzinin azərbaycanlı sahibinin qətlinə görə daha 1 nəfər tutulub

"Karina" ticarət mərkəzinin sahibi Həbib Kərimov və iki sahibkarın öldürülməsində şübhəli bilinən daha bir nəfər saxlanılıb. APA TV xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Voronej vilayəti üzrə baş polis idarəsinin yaydığı məlumata görə, həmin şəxs daha öncə həbs olunmuş şübhəli şəxsin qardaşıdır.

 

Hadisə 4 dekabr 2013-cü il tarixdə Murmanskda baş verib. Atışma zamanı 42 yaşlı biznesmen Həbib Kərimov aldığı 8 güllə yarası ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Əzizov və Axundov soyadlı digər iki sahibkar isə hadisə yerindəcə ölüb.

 

Baş vermiş insidentlə bağlı 26 və 29 yaşlı iki qardaşın axtarışı aparılıb. Böyük qardaş bu ilin fevralında Voronejdə saxta pasportla həbs edilib. Digər qardaş isə həmin vilayətdə kafelərdən birində saxlanılıb.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv