Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilir
Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb. APA TV-nin xəbərinə görə, iştirakçılar əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. İclasa Azərbaycan, Rusiya, Qazaxıstan silahlı qüvvələrinin baş qərargah rəisləri, Qırğızıstan, Belarus silahlı qüvvələrinin baş qərargah rəislərinin birinci müavinləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıb. Komitəyə üzv olan Ermənistan və Ukrayna nümayəndələri isə tədbirə gəlməyib. Tədbir Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə başlayıb.
Açılışda çıxış edən Aleksandr Sinayski MDB-yə üzv dövlətlərin 2020-ci ilə qədər hərbi əməkdaşlıq sahəsində planlaşdırdığı tədbirlər barədə məlumat verib. Valeri Gerasimov isə bildirib ki, iclas MDB ölkələri Silahlı Qüvvələrinin Baş Qərargahları arasında hərbi əməkdaşlığın və münasibətlərin dərinləşməsi istiqamətində daha bir konkret addım olub. İclas iştirakçıları MDB ölkələri arasında 2020-ci ilə qədər ki dövrü əhatə edən hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmaları bəyəniblər. Baş qərargahların rəhbərləri 2015-ci ildə Birliyə üzv dövlətlərinin Silahlı Qüvvələrinin birgə tədbirlər Planını da razılaşdırıblar. Qərargah Rəisləri Komitəsinin iclasının gedişatında qəbul edilən qərarlar ümumi, regional və milli maraqları nəzərə alaraq çoxtərəfli hərbi əməkdaşlığın inkişafına yönəldilib.