Təhsil Nazirliyi dərs ilinin vaxtının artırılmasının səbəblərini açıqlayıb
Təhsil Nazirliyi Azərbaycanda dərs ilinin iyun ayınadək artırılmasının səbəblərini açıqlayıb. APA TV-nin xəbərinə görə, nazirliyin informasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ölkədə tədris ilinin uzadılması ilə bağlı məsələ yeni deyil. Təhsil Nazirliyi bu məsələni ötən il qaldırıb. Azərbaycanda tətil, istirahət və bayram günlərini çıxdıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə 197 gün dərs keçilir: "Uyğun olaraq, şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda 32 həftədir".
O qeyd edib ki, digər məqam tədris proqramlarının kifayət qədər yüklü olması ilə bağlıdır: "Tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşdirilməsinə gətirib çıxaracaq".
Cəsarət Valehov bəzi mətbu orqanlarda təhsil şöbələrində baş verən neqativ hallar və korrupsiya faktları ilə bağlı dərc olunan yazılara münasibətdə bildirib. O deyib ki, dövlət büdcəsindən təhsil bölməsi üzrə ayrılan vəsait rayonların yerli icra hakimiyyətlərinin sərəncamındadır, nazirliyin həmin orqanlara ayrılan büdcəyə nəzarət etmək və, bununla bağlı sərəncam vermək funksiyası yoxdur.
Nazirlik rəsmisi son günlər Ukraynada baş verən hadisələrdən sonra orada təhsil alan tələbələrin aqibətinə də aydınlıq gətirib. O qeyd edib ki, Ukraynada dövlət proqramı çərçivəsində heç bir gənc təhsil almır. Digər yollarla həmin ölkədə təhsil alan azərbaycanlı tələblərlə bağlı isə nazirliyə hər hansı məlumat daxil olmayıb.