Azərbaycan prezidenti Naxçıvanın 90 illiyinə həsr olunan mərasimə qatılıb
Prezident İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan təntənəli mərasimdə iştirak edib. Tədbirdə çıxış edən prezident İlham Əliyev qədim dövlətçilik tarixinə malik olan Naxçıvana 90 il əvvəl Azərbaycanın tərkibində müxtariyyət statusunun verilməsini tarixi hadisə kimi dəyərləndirib, Naxçıvanın müasir inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: "Ulu öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb. Ulu öndərin həyat və fəaliyyəti onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir. Bir böyük şəxsiyyətin rolu o, qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sahəsində inkişaf edir yaşayır".
90-cı illərin əvvəlində ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının qaldırıldığını deyən ölkə başçısı bildirib ki, Sovet ittifaqının qorunub saxlanılması ilə bağlı qanunsuz referendumda Naxçıvan iştirak etməyib. Prezident müstəqilliyin bəxş etdiyi imkanlardan istifadə edən ölkəmizin, o cümlədən Naxçıvanın sürətli inkişaf dinamikasından da danışıb.
Blokada şəraitində yaşayan Naxçıvanın hərbi potensialının möhkəmləndiyini, hərbi texnika ilə təchizatın ən yüksək səviyyədə olduğunu deyən dövlət başçısı gələcəkdə də hərbi potensialın gücləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyini qeyd edib. Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun çıxışdan sonra Dövlət başçısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülən bir qrup ziyalıya həmin mükafatlar təqdim edib.