Milli Kitabxanadakı ən qədim kitabın neçə yaşı var?
Alman ixtiraçısı İohan Qutenberq 1440-cı ildə çapetmə üsulu ilə ilk kitabı nəşr edir. Buna qədər əlyazma halında yayılan kitablar, indi daha böyük nüsxə ilə, ucuz və tez bir zamanda çap edilir. Daha çox insanın kitab oxumaq şansı yaranır. İllər keçir, çap edilən kitab sayı ondan yüzə, minə, milyona çatır. Və kitabxanalar şəhərlərin əvəzedilməz məkanlarına çevrilir. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası kimi. Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılan kitabxanada hazırda 5 milyona yaxın kitab var. Daha çox tələbələr, aspirantlar, tədqiqatçılar istifadə etsə də, burada hər cür sosial statusa malik insana rast gəlmək olur. Milli Kitabxananın direktoru Kərim Tahirovun sözlərinə görə, daimi oxucularının sayı 75 mini keçib. Hər il oxucuların sayı artır. Təkcə 2013-cü ildə 20 800 nüsxə kitab qəbul edilib. Kitab xaricdə çap olunsa belə, oxucu istəyirsə, ən uzağı bir aya həmin kitab fonda gətirilir. "Hər bir zalda oxucular üçün xüsusi dəftərxana kitabları qoyulub. Oxucular haradasa gördüyü, adını eşitdiyi kitabı ora qeyd edirlər. Oxucu bizdən kitabı soruşursa, o kitab bizdə olmursa biz onu qeyd edirik. Dərhal onu internet vasitəsi ilə tapırıq, sifariş veririk, oxuculara təqdim edirik". Milli Kitabxanada xüsusi şöbələr var ki, elektron kataloq və elektron resursların yaradılması ilə məşğul olur. Kitablar alınan kimi dərhal onların elektron versiyası yaradılır. Elektron versiya kitabxananın lokal şəbəkəsinə yerləşdirilir. Müəllifin rəsmi ərizə ilə internetdə yayılmasına icazə verdiyi elektron kitablardan isə hər yerdə istifadə etmək olur. Bütün zallarda kompüterlər qoyulub. Ayrıca lokal şəbəkədən istifadə zalı yaradılıb, burada isə 24 kompüter oxucuların istifadəsindədir. Kitabların elektron versiyalarından istifadə edənlərin sayı 500 mini keçib. Milli ədəbiyyatın 30 faizə qədəri elektronlaşdırılıb. Kitabxanaya daxil olan yeni kitabların isə hamısının elektron versiyası yaradılıb. Bu köhnə kitabların çox istifadə olunaraq cırılmasının qarşısını alır. Kitabxananın Nadir Kitablar Fondu yaradılıb. Burada yaşı yüz illərlə ölçülən kitablar saxlanılır. Fondun ən qədim kitabı 1573-cü ildə çap edilən "Homer haqqında ədəbiyyat tarixi" kitabıdır. Bu kitab Almaniyada çap edilib. Bundan başqa, Dədə Qorqud dastanın Drezden və Vatikan nüsxələrinin fotosürətləri çıxarılıb. Başqa ölkələrdə olan Azərbaycanla bağlı kitabların üzünün köçürülməsi, kitabxanaya gətirilməsi işi aparılır. İndiyə kimi 200-dən artıq kitabın üzü köçürülərək kitabxanaya gətirilib. Onların həm elektron variantı olacaq, həm də kitab şəklində çap edilib kitabxanaya qoyulacaq.