Kamal Kılıçdaroğlunu döydülər
Türkiyə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisinin binasında hücuma məruz qalıb. O, CHP parlament fraksiyasının toplantısının keçirildiyi salona gedərkən qəflətən naməlum şəxsin yumruq zərbəsinə tuş gəlib. Zərbədən sonra müxalifət liderinin eynəyi yerə düşüb. Hadisə zamanı Kılıçdaroğlu sol gözünün altından bir neçə yumruq zərbəsi alaraq yerə yıxılıb və onun pencəyi cırılıb. CHP liderinin mühafizəçisi həmin şəxsi yaxalayıb. CHP üzvləri onu döyməyə başlayıblar. Bəzi CHP millət vəkilləri ağlayıb. Polis həmin şəxsi oradan uzaqlaşdıra bilib.
Sonradan hücum edənin Ankarada yaşayan, 1986-cı ildə Ərzurumda anadan olmuş, əvvəllər silahlı hücum və narkotik cinayətlərinə görə məhkum edilmiş Orxan Övən olduğu müəyyən edilib. Orxan Övən polisə ilkin ifadəsində “Alpərən Ocaqları”nın üzvü olduğunu bildirib. STAT. "CHP qrup toplantısına gəldiyimi söyləyərək parlamentə daxil oldum. Mən alpərənəm. Kılıçdaroğlunu yumruqlamağı qərara aldım, o səbəblə gəldim. Onun girişini gözlədim və fürsət yaranan kimi yumruq vurdum".
İnsidentə baxmayaraq, Kılıçdaroğlu CHP millət vəkili İhsan Özkesin pencəyini geyərək fraksiya toplantısına qatılıb və çıxış edib. O, hər kəsi sakitliyə çağırıb.