Bulvarda gənc oğlanla qız özlərini dənizə atdılar

Bakının Səbail rayonu, Dənizkənarı Milli Parkda intihara cəhd olub. APA TV-nin xəbərinə görə, təxminən 21 yaşlarında olan oğlan və qız özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gənclərin axtarışına çıxıblar.

 

Xilasedicilər saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 1993-cü il təvəllüdlü Niftəliyeva Nilufər Natiq qızı və Aslanov Xalid Faiq oğlunu xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.

 

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. 

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv