3 hərbçinin şəhid olduğu mina partlayışı ilə bağlı araşdırmanın nəticəsi açıqlandı

Aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq məqsədilə hadisə yerində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ilkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub.

“Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb. Ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib”, - deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Müəllif | Apa.Tv