Kürdəmirdə qonşusunun evini soyan şəxs yaxalandı

Kürdəmirdə qonşusunun mənzilindən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini İradə Məmmədovanın evindən pul, qızıl-zinət əşyaları oğurlanıb.

 

RPŞ-nin baş müstəntiqi Hüseyn Məsimov deyib ki, aparılmış ilkin istintaq əməliyyat tədbirləri zamanı həmin cinayəti İradə Məmmədovanın qonşuluğunda yaşayan Cəfərov Famil Şakir oğlunun törətdiyi müəyyən edilib. Famil Cəfərov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə, yəni oğurluq maddəsinin müvafiq bəndləri ilə şübhəli şəxs qismində tutulub.

24 yaşlı Famil Cəfərov oğurluq etdiyini etiraf edib: "Girdim gördüm qonşu yoxdur evdə, götürdüm. Özü ora qoyanda görmüşdüm. Getdim nənəmgilə, qayıdanda tutdular məni".

 

O, qonşusunun evindən döşəyin altından 300 manat pul və qızıl-zinət əşyalarını oğurladığını bildirib. Famil Cəfərov oğurladığı qızıllardan 2 ədəd üzüyü satdığını, götürdüyü puldan 70 manatı mağazalara olan borcunu ödədiyini, 30 manatını isə spirtli içki və siqaret üçün xərclədiyini bildirib.

Famil Cəfərov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Elvin Yaqubov