Ramiz Həsənov QMİ-nin bəyanatına cavab verdi
"Standart dövlətin tələbidir. Ona görə də dövlət tənzimləyir. Müsəlman aləmində olan məsələlər isə Qafqaz Müsəlmanları İdarəsinin daxili işləridir".
APA TV-nin xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininsədri Ramiz Həsənov deyib. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ”Halal” standartı ilə bağlı bəyanata cavab verib. O bildirib ki, komitə sertifikatlaşdırma prosesini keçirir və "Halal” standartına uyğun sertifikat verir. Qafqaz Müsəlmanları İdarəsi isə yalnız kəsim prosesinə nəzarət edir: "Standartın özündə də yer alıb ki, heyvanı kəsməkdən öncə müəyyən bir sözlər deyilməlidir. Şəriətə uyğun prosedurlar var. Ancaq bizdə istifadə olunan ixrac məhsullarıdır. Bizim kolbasa istehsal edən müəssisələr onu burda kəsib istehsal etmir".
Komitə sədri bildirib ki, idxal olunan ətin üzərində halal kəsilmə ilə bağlı sertifikat gəlir.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi bəyanatla çıxış edərək halallığın sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməsnin düzgün olmadığını vurğulayıb.