Azərbaycan prezidenti İranda səfərdədir - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev İrana rəsmi səfər edib. Tehran hava limanında Azərbaycan prezidentini İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi, İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur və İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin qarşılayıb.
Daha sonra Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub. İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Daha sonra tərəflər arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Həsən Ruhani bildirib ki, səfər iki dövlət arasında mövcud münasibətlərin daha da dərinləşməsinə müsbət təsir göstərəcək. Dost və qardaş ölkə olan ölkələrimiz arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün heç bir maneə yoxdur. Hər iki ölkənin terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparmalı olduğunu diqqətə çatdıran Həsən Ruhani bildirib ki, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilən qərarlar əsasında həllini tapmalıdır.
Yaxın zamanda Azərbaycana səfər edəcəyini deyən İran prezidenti bildirib ki, tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan prezidenti İlham Əliyev isə deyib ki, onun İrana səfəri əlaqələrin inkişafı üçün mühüm addım olacaq. Neft-qaz sahəsində əməkdaşlıq üçün münbit şəraitin olduğunu deyən İlham Əliyev qeyd edib ki, hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün əlavə yollar axtarılacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyinin çox önəmli olduğunu deyən prezident bildirib ki, rəsmi Tehranın bu münaqişə ilə bağlı nümayiş etdirdiyi mövqe beynəlxalq hüquqa əsaslanır. Onun sözlərinə görə, birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldırmaq qarşıya qoyulan əsas məqsəddir.
Səfər çərçivəsində iki ölkə arasında dörd sənəd imzalanıb.