Bağlı yollarımızın restoran ünvanlarına açılan qapıları
Bir zamanlar bu yollar bizi Şuşaya, Laçına, Qarabağa, "Cıdır düzü"nə aparırdı. Bu gün də eyni adları tutub gedirik. Bu dəfə işğal altında olan şəhərlərimizə deyil, paytaxt Bakıda fəaliyyət göstərən yeyib-içdiyimiz, şadyanalıq etdiyimiz məkanlara. Nədənsə son zamanlar işğal altında olan ərazilərimizin toponimlərinin iaşə obyektlərinə qoyulması dəb halını alıb. Bununla sanki bəzi insanlar torpaqlamızı unutmamağa çağırış edirlər.
Milli Məclisin Elm və mədəniyyət komitəsinin sədri Nizami Cəfərov APA TV-yə deyib ki, bu addımı atmaqla əslində vətəndaşlar milli-mənəvi dəyərlərimizə ciddi ziyan vururlar. Çünki Şüşa, Laçın, Qarabağ və sair adlar hansısa iaşə obyektində heç də ürək açan tərz yaratmır. Bu zaman ölkədə olan əcnəbilərin də yaddaşında bu adlar əsl mahiyyətindən uzaq, arzuolunmaz tərzdə qalırlar.
"Bu insan psixologiyasıdır. Arzu olunan budur ki, belə adlar qoyulanda müəyyən ictimai məsuliyyət olsun. Bəzən işğal olunmuş şəhərlərimizin adları keyfiyyətsiz və ucuz restoranlara qoyulur. Amma çox dəbdəbəli və bahalı restoranlara Avropa adları qoyulur".
Millət vəkilinin sözlərinə görə, bəzi iş adamlarının psixologiyasında qəribə bir fikir formalaşıb ki, dəbdəbəli obyektdirsə, bura müştəri cəlb etmək üçün mütləq Avropa mənşəli adlar qoyulmalıdır. Bu zaman müştərilərin də zövqü nəzərə alınır. Yerli adları daşıyan restoranlar çox vaxt müştəri kasadlığından əziyyət çəkir. Və ya bura gələn şəxslər əsasən, cəmiyyətin orta və aşağı təbəqəsinin nümayəndələri olur.
Nizami Cəfərov deyib ki, işğal olunmuş əraziləridə olan toponimlər daha yaxşı olar ki, beynəlxalq səviyyədə təmsil olunan idman komandalarının, ya da xüsusi şirkətlərin adları olsun. Bu zaman uğurlarımızla bərabər tariximizi, bilavasitə torpaqlarımızın ərazi bütövlüyünu tanıtmış olarıq. O ki qaldı bu adların iaşə obyektlərinə qoyulmasının qanunla qadağan edilməsinə,
Nizami Cəfərov bildirib ki, bu qadağanın tətbiq olunması mümkün deyil.
"Bu məsələ qanunla qadağan edilə bilməz. Çünki ortada mənəviyyat məsələsi var. Bu mədəniyyət və mənəviyyat xalqın ruhunda olmalıdır. Qanun isə demokratiyanı nəzərdə tutur. Belə bir qanun vermək olmaz ki, ay filankəs, sən milli olmalısan. Bu insanın təbiətində olmalıdır".
Zaman keçdikcə işğal altında olan tarixi torpaqlarımız haqqında daha çox məktəbəqədər müəssisələrdə və orta məktəblərdə şagirdlərə düzgün şəkildə aşılamağın lazım olduğunu deyən millət vəkili hesab edir ki, bununla da əslində el arasında Şuşa, Ağdam, Laçın, Qarabağ kafeləri kimi tanınan iaşə obyektlərinin adlarının əslində tarixi topraqlarımızın adı olduğunu və bu torpaqların bölünməz vətən olduğunu dərk etməlidirlər.
Paytaxt sakinlərinin bu məsələ ilə bağlı fikirləri birmənalıdır. İnsanlar bunun yolverilməz olduğunu deyirlər.
Həqiqətdə Şuşaya, Laçına, Göyçəyə və işğal olunmuş digər yerlərə getmək arzusu ilə...