"Sovetski"dəki qeyri-yaşayış sahələri ilə bağlı məsələlərə aydınlıq gətirilib
"İndiyədək "Sovetski" kimi tanınan ərazidə 2500 mənzildə və qeyri-yaşayış sahələrində invertarlaşma işləri aparılaraq layihələr hazırlanıb. 600 mənzil sahibi köçürülməsi ilə bağlı müraciət edib". Bunu APA TV-yə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov deyib. Onun sözlərinə görə, ümumilikdə 449 mənzil sahibi köçürülməsi və deyilən məbləğin ödənilməsi haqqında razılaşma protokolu imzalayıb ki, bunlardan 340-na razılaşdırılan məbləğ bank vasitəsi ilə ödənilib. Sakinlər isə hələ də evlərinin müqabilində onlara təklif edilən şərtlərə razı deyillər.
Sakinlər deyir ki, evlərdən başqa, yardımçı tikililərə təklif edilən məbləğ çox azdır.
Sakinlərin iradı ilə razılaşmayan Səməd İslamov deyir ki, yaradılan araşdırma komissiyasının qərarına əsasən, hər kvadrat metr yaşayış sahəsinə 1500 manatdan vəsait ödənilir. Eyni zamanda bu məbləğ mənzillərin üzərində və ətrafında qeyri-qanuni tikilən mənzillərə də şamil edilir. Digər yardımçı tikililərə gəldikdə isə zirzəmi və anbarlara hazırkı istismar məqsədindən asılı olaraq, 600-900 manat məbləğində vəsait verilir. Bununla yanaşı, sakinlərə digər mənzildə müvəqqəti yaşayışlarını təmin etmək məqsədi ilə 1000 manat vəsait ödənilir: "Hazırda sakinlərin evlərindən köçməsi üçün 400 manat əlavə vəsaitin verilib-verilməməsi istiqamətində müzakirələr aparılır. Əgər vəsaitin təmin edilməsi barədə qərar qəbul edilərsə, o zaman həmin vəsait bu günə kimi razılaşaraq, evlərinin pulunu alan sakinlərin bank hesabına köçürüləcək. Vəsaiti ödənilməyən digər sakinlərə isə bu məbləğ hesablanaraq ödəniləcək".
Evlərini tərk etmək istəməyən sakinlərə gəlincə, RİH başçısının müavini bunları deyib: "Bu barədə ölkə başçısının tapşırığı var ki, heç bir sakin evindən məcburi köçürülməsin. Bunu əsas götürüb, biz də sakinlərin evlərini tərk etmədikləri müddətdə onların mənzilinin sökülməsi barədə qərar verə bilmərik. Lakin bu o demək deyil ki, ərazidə söküntü işləri aparmayacağıq. Kim bizim komissiyaya müraciət etsə, onun mənzilinin sökülərək təyin edilən məbləğ ödəniləcək".
O ki qaldı “Sovetski” məhəlləsində fəaliyyət göstərən ticarət-iaşə obyektlərinin sahiblərinə veriləcək məbləğə, RİH rəsmisi deyir ki, hazırda 1 kv.m üçün hansı miqdarda vəsait ödəniləcəyi komissiya tərəfindən müəyyənləşməyib. İlk növbədə mənzillərin qiymətinə baxılıb.