Avtobuslarda cibgirliklə məşğul olan şəxs iş başında saxlandı

"20-30 manat çıxır. Mən dəqiq deyə bilmərəm ki, avtobusa minən adamın nə qədər pulu var? Pulu olsa, taksi ilə gedər də. 100 manat, 200 manat çıxırdı. Olanda olurdu. Olmayanda da çıxıb gəlirdim evimə".

Bu sözlərin müəllifi cibgirliklə məşğul olan 32 yaşlı Ehtiram Məmmədovdur. Bakı sakini olan Məmmədov Ehtiram Afiyəddin oğlu növbəti belə cibgirlik hadisəsini törətmək istəyən zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsinə gətirilən Ehtiram Məmmədov ifadəsində bu günə qədər əsasən hansı sərnişin avtobuslarında cibgirlik etdiyini açıqlayıb.

"Mənim peşəm cibgirlikdir. Minirdim avtobusa, qismətimə nə çıxırdı, pul qabından götürürdüm. Həmin adam düşürdü, mən də düşürdüm. Bir az aralanırdım. Mənə lazım olan şeyi - pulu götürürdüm, pul qabını atırdım. Əsasən 202, 133, 155, 165 nömrəli marşrutlarda işləmişəm”.

Ehtiramın əməllərini araşdıran polis əməkdaşları onun tək şəhərdaxili sərnişin avtobuslarında deyil, şəhərlərarası sərnişin avtobuslarında da oxşar cinayətlər törətdiyini müəyyən edib. Nə qədər qəribə olsa da, Ehtiram Məmmədov özünü cibgirliklə məşğul olmağa məcbur sayır. O, asılılığından əziyyət çəkdiyi narkotik vasitələri asan yolla əldə etdiyi pulla almağa çalışıb. Binəqədi RPİ-nin müstəntiqi Kənan Abışovun sözlərinə görə, araşdırma zamanı Ehtiram Məmmədovun əvvəllər oğurluq və narkotik vasitələrin qəbuluna görə bir neçə dəfə məhkum olunduğu müəyyənləşib. Onun başqa cinayətlərdə də iştirakının olub-olmamasını müəyyənləşdirmək üçün araşdlrmalar aparılır. Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq davam edir.

Müəllif | Apa.Tv
Apa.tv