Suriyada toqquşmalarda 89 nəfər ölüb

Suriyanın hökumət qoşunları müxtəlif şəhərlərdə müxalifətə qarşı əməliyyatlar keçiriblər. APA TV-nin məlumatına görə, toqquşmalar zamanı 89 nəfərin öldüyü bildirilir. Ölənlərdən 7 nəfəri qadındır.

Suriya İnsan Hüquqları Təşkilatının yaydığı açıqlamada bildirilir ki, bölgələrə qurudan və havadan həyata keçirilən hücumlar nəticəsində Dəməşqdə, Hümsdə, Hələbdə və başqa şəhərlərdə tələfat var.

Suriyanın dövlət informasiya agentliyi isə xəbər verir ki, təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşq də daxil olmaqla bir neçə şəhərdə həyata keçirdiyi əməliyyatlar zamanı çoxlu sayda silahlı qrup zərərsizləşdirilib.

Hüms şəhərində isə dalbadal iki partlayış törədilib, 25 nəfər ölüb, 107 adam yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Rəsmi məlumata görə, partlayışlar yarım saatlıq fasilə ilə baş verib. Hadisənin sıxlığın çox olduğu vaxtda törədildiyi, partlayış nəticəsində bölgəyə ciddi ziyan dəydiyi, çoxlu sayda ofisdə yanğın baş verdiyi, bir neçə avtomobilin yarasız hala düşdüyü bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv