Ukraynada bu gün daha bir qondarma “respublika” elan olunacaq

Ukraynanın daha bir bölgəsində qondarma respublika yaradılmasına hazırlıq görülür. APA TV-nin məlumatına görə, Luqansk şəhərində Təhlükəsizlik Xidmətinin vilayət idarəsinin binasını ələ keçirən və qarşısında çadırlar quran rusiyameyllilər "xalq respublikası" elan etmək niyyətindədirlər. Onlar qonşu Xarkov və Donetsk nümunəsini təkrarlamaq arzusundadırlar. Bunu qondarma Donetsk xalq respublikasının separatçı hökumətinin üzvü Sergey Tsıplakov bildirib. Onun sözlərinə görə, Luqanskda "xalq respublikası" yaxın günlərdə, hətta, bu gün elan edilə bilər.


Xatırladaq ki, aprelin 7-də Ukraynanın Donetsk, Xarkov və Luqansk şəhərlərində Rusiyameylli şəxslər bir sıra inzibati binaları ələ keçiriblər. Artıq Xarkov və Donetskda qondarma respublikalar elan edilib. Mayın 11-də isə bölgədə referendum keçirilməsi, Rusiya Federasiyasının tərkibinə keçmək məsələsinin səsverməyə çıxarılması gözlənilir.

Bu arada isə sabiq prezident Viktor Yanukoviçin Regionlar Partiyasından prezidentliyə namizəd Mixail Dobkin Luqanskda hücuma məruz qalıb. O, seçki kampaniyası çərçivəsində rusiyameyllilərin barrikadasına baş çəkib. Prezidentliyə namizədi separatçıların ələ keçirdiyi Təhlükəsizlik Xidmətinin vilayət idarəsinin binasına buraxmayıblar. Mixail Dobkinin ora toplaşanları silahı yerə qoymağa çağırması isə gərginliyi daha da artırıb. Rusiyameyllilər onu fitə basıblar, yumurta və plastik butulkalar atıblar. Prezidentliyə namizəd xəyanətkarlıqda günahlandırılıb. O, aksiya iştirakçılarının əlindən zorla qurtulub və maşını ilə ərazidən uzaqlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv