Müharibənin 50 il geri saldığı Əfqanıstan - KABİLDƏN REPORTAJ
Əfqanıstan. Bu ölkəni bizə Əlibala Hacızadənin “İtkin gəlin” romanı doğmalaşdırıb, müharibə isə bu ölkənin adını gedər-gəlməz ünvana çevirib. Əfqanıstan müharibəsi həm kino sahəsində, həm də ədəbiyyatda sevimli mövzulardan biridir. Azərbaycandan çox az adam Əfqanıstanı gözü ilə görüb. Sovetlər dövründə bu ölkəyə bizə zərrə qədər aidiyyəti olmayan müharibəyə gedən soydaşlarımız, müstəqillik dövründə NATO hərbi kontingenti tərkibində xidmət keçən əsgərlərimiz, bir neçə diplomat, barmaqla sayıla biləcək qədər jurnalist, vəssalam. Əfqanıstanı görənlər içərisində biz də varıq. Bəndəniz, yəni Lent.az-ın redaktoru Səbuhi Məmmədli və APA TV-nin operatoru Fuad Kərimov. Seçkilər günü Kabildən hazırladığımız ilk reportajı yəqin ki izləmisiniz. Bu gün sizə müasir Əfqanıstanı göstərəcəyik.
“Taliban” ölkəni ən azı 50 il geri salıb. Bu bizim yox, Asoşeyted Press-in Kabildəki ofisinin əməkdaşı Cavid Çayanın sözləridir. Talibanın hakimiyyətdə olduğu dövrü dəhşətli yuxu adlandıran həmkarımızın çox sadə bir arzusu var - Allah o günləri bir də Əfqanıstana göstərməsin. Onu qınamıram, sən demə, “Taliban” rejimi dövründə ictimai yerdə gülmək belə qadağan imiş. Hətta evdə belə. Özünüz düşünün, evdə gülürsünüz, qonşunuz isə “Taliban”ın adamıdır, o tez xəbərçilik edir və qanın batdı. Gülməyə görə öldürməyiblər, amma mütləq cəzalandırıblar. Bunu danışan həmkarım deyir ki, bu fikirlər dinləyənlərə qəribə gələ bilər, amma “Taliban” rejimində yaşamaq əfqan xalqı üçün gerçəkdən dəhşət olub. Ölkədə düz beş il televiziya, radio, İnternet, kompüter, mobil telefon, musiqi alətləri, şahmat, açıq rəngli nə varsa, hər şeyə qadağa qoyulub. Evlərə girib televizorları sındırıb, hətta nərdtaxtaları belə yığıb aparırmışlar. Bax, Əfqanıstanda insanlar düz beş il belə yaşayıblar, kimsəsiz adaya düşən Robinzon kimi.
Ölkədə rəsmi və qeyri-rəsmi qadağalar indi də var, bunu ölkəyə ilk ayaq basan kimi hiss etmək mümkündür. Əyalət aeroportunu xatırladan, birmərtəbəli tikilidən ibarət Kabil hava limanında gözə dəyən ilk söz mina xəbərdarlığıdır. “Partlamamış minalar var, ehtiyatlı olun”. Bu sözlərə hər yerdə, lap Kabilin mərkəzində belə rast gələ bilərsiniz. Rast gələ biləcəyiniz ən ciddi xəbərdarlıq isə budur: “Sizi oğurlaya bilərlər”. Əfqanıstanda əcnəbiləri oğurlamaqla məşğul olan cinayətkar qruplaşmaların sayı-hesabı yoxdur. Əcnəbi vətəndaşı oğurlayan qrup onu həmin şəxsin çalışdığı şirkətə də sata bilər, başqa bir qruplaşmaya da. Yəni zavallı əcnəbi adi əşya kimi alver predmetinə dönür. Ən sevindiricisi məqam odur ki, oğurlanan əcnəbinin sağ qalmasında ən maraqlı olan tərəf də elə oğrulardır. Məntiq isə sadədir, bu ölkədə ölüyə pul verən yoxdur.
Elə biz Əfqanıstana getməzdən bir neçə gün əvvəl Kabilin ən böyük restoranlarından olan “İstanbul” restoranın türkiyəli sahibi Sami Yavuz oğurlanıb. Onu oğurlanması və qaytarılması əsil trilleri xatırladır. Sami bəyin dediyinə görə, onu işdən çıxan kimi qaçırıblar. Sonra başqalarına satıblar. Onlar da digərlərinə. Nəticədə Sami bəyin “qiyməti” 5 milyon dollara qədər qalxıb. Quldurlar Sami Yavuza Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tapşırıblar, səfirlik isə Əfqanıstan məxfi polisi ilə əlaqəyə girib. Və xüsusi əməliyyat planı hazırlanıb, alıcı kimi quldurlarla görüşə gedən polis Sami Yavuzu xilas edə bilib.
Kabildə otelə girib çıxanda üst-başınızı mütləq ciddi şəkildə yoxlayacaqlar. Hətta başınızdakı papağı belə gözdən keçirəcəklər. Əvvəllər papaqları yoxlamırmışlar, Əfqanıstanın keçmiş prezidenti Bürhanəddin Rəbbani qətlə yetiriləndən sonra papaq məsələsi də gündəmə gəlib. Rəbbani düz evinin qarşısında, papağın içinə gizlədilmiş bombanın partlaması nəticəsində öldürülüb. Pakol adlanan bu baş geyimi əfqanların simvoludur. Elə başında pakol Kabildə hər addımda iri portretlərinə rast gəldiyimiz Əhməd Şah Məsud da. Məsud tacik olsa da, əhalisinin 60 faizi puştun olan Əfqanıstanda qəhrəmanlıq rəmzidir. Əfqanlar Məsudu 6-cı şir adlandırırlar. “Pəncşirə nə sovet qoşunları girə bildi, nə Taliban, nə də NATO. Məsud öldürülməsəydi, NATO Əfqanıstana girə bilməzdi. O, şir kimi gəldi, çarpışdı, şir kimi də öldürüldü”. Tacik Fayzullanın dediyi bu sözlərə Kabildə az qala hər kəs şərikdir.
***
Seçkilər günü isə şəhər sadəcə donmuşdu. Dükan-bazar bağlı, küçələr zirehli texnika ilə dolu, göydə helikopterlər. Sanki bir hərbi əməliyyat keçirilir. Kabil elə adi günlərdə də böyük bir həbsxananı xatırladır. Küçə boyu beton divarlar, tikanlı məftillər, qum kisələri. Hər tərəfdə də əlisilahlı. Ən pisi odur ki, istər əfqan polislər, istərsə də hərbçilər avtomatı normalda olduğu kimi lüləsi aşığı, ya yuxarı yox, düz adamın üstünə tuturlar. Avtomatın qoruyucusu açıq, barmaqlar tətikdə. Həmin əsgərin, ya polisin ani diqqətsizliyi… işin bitdi.
Kabil həm də çox çirkli şəhərdir. Təsəvvür edin, ölkə paytaxtının kanalizasiya sistemi yoxdur. Kanalizasiya suları hara gəldi axıdılır. Şəhəri az qala iki yerə bölən Kabil çayı isə böyük bir zibilxananı xatırladır. Bu çaya zibil də tökülür, kanalizasiya suları da. İtkin düşən, ya bayaq dediyimiz kimi qaçırılaraq sonradan öldürülənlərin meyitlərini də elə bu zibilxana-çayda tapmaq mümkündür. Yazda azca sulu olsa da, maydan etibarən bu çay da quruyur. Nəticədə bütün şəhəri üfunət iyi bürüyür.
Kabil həm də böyük bir bazarı xatırladır. Amma çirkli, səliqəsiz, orta əsrlər bazarını. Hər yerdə, hər şey satırlar burda. Kabab bişirən kim, qril hazırlayan kim. Hələ mən müxtəlif ölkələrin valyutalarını dəyişənləri, yerdə isti təndir çörəyi, quru meyvə, tərəvəz, düyü, şirniyyat satanları demirəm. Necə deyərlər hər yerdə, hər şey satılır, alınır buralarda. İslam ölkəsi olsa da, istədiyin qədər spirtli içki də tapa bilərsən. Özbəkistandan, Tacikistandan gətirirlər. Hətta viski də tapa bilərsən. Burada çoxdan yaşayan əcnəbilər həmin mağazaların yerini əzbər bilirlər. Elə dükan sahibləri də müştərilərini yaxşı tanıyırlar. Qiymət isə çox bahadır. Yarım litrlik rus arağı təxminən 50 dollardır. Taliban bilsə partladacaq, polis bilsə tutacaq. Riskli işdir. Hətta Kabildəki “Serena” otelini restoranda spirtli içki verdiklərinə görə, partladırlar.
Kabildə yol hərəkəti deyilən anlayış yoxdur. Svetofor olsa da, tək-tük sürücü ona riayət edir. Kim haradan bacarırsa, ordan sürür. Səkinin üstüylə maşın sürmək isə buralarda adi şeydir. Və ən maraqlısı odur ki, ciddi qəza da baş vermir. Maşın maşına yüngül dəyəndə isə tərəflər bir-birindən sadəcə üzr istəyib yollarına davam edirlər. Daha bizdəki kimi sığorta və yol polisi gözləmək ənənəsindən söhbət belə gedə bilməz. Məhz bu səbəbdən paytaxtda xeyli əzik maşına rast gəlmək mümkündür. Paytaxtda tiryəkdən tutmuş heroinə qədər hansı narkotik maddəni desən, əldə etmək olar. Və bunun üçün Kabilin kənarına filana getmək, xüsusi plan qurmağa da ehtiyac yoxdur. Spirtli içki satmağa qorxan Kabil sakini üçün, heroin satmaq daha rahatdır. Kabildə 1 qram heroinin qiyməti isə... Bu barədə növbəti reportajımızda.
Səbuhi Məmmədli, "Lent.az", Fuad Kərimov APA TV (operator)