Araz Əzimov: "Həmsədirlərdən həmişə gileyimiz olub"

 

"Ukraynada baş verənlərlə bağlı ATƏT-in Minsk qrupu həmsədri olan ölkələr arasında əlaqələr həddən artıq gərginləşir. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib, ortaq məxrəc axtarışı ilə ciddi şəkildə məşğul olsunlar".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyəti şərh edərkən deyib. O, münaqişənin həllində heç bir intensivləşmənin getmədiyini vurğulayıb: "Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur. Dəyişmək üçün tendensiya da görünmür. Həmsədrlərdən gileylərimiz həmişə çox olub. Əgər Minsk qrupunun hesabına hansısa görüntü yaratmaq istəsələr, o zaman bu bizim maraqlarımıza uyğun gəlmir".

 

Nazir müavini Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada baş tutan son görüşə də şərh verib: "Ermənistan naziri həmişəki kimi inkarçılıq mövqeyində durub. Beləliklə, Azərbaycan tərəfini bu cür vəziyyət heç cür qane edə bilməz".

 

Araz Əzimov iki ölkə prezidentlərinin görüşü ilə bağlı şərh verməyib.

 

Müəllif | Apa.Tv