Bakıda Beynəlxalq Su Texnologiyaları Sərgisi keçirilir

 

"2013-cü ilin birinci rübündə ölkənin su təchizatının yaxşılaşdırılmasında görülən işlərin keyfiyyətinə görə ilk onluğa cəmi 2 yerli şirkət düşüb. Ötən ilin sonrakı aylarında bu sıralama dəyişib, ilk 3-lüdə yerli podratçılar qərarlaşıb, onluğa isə cəmi iki əcnəbi şirkət daxil ola bilib".

 

APA TV-nin xəbərinə görə, bunu Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda "CATEC-2014" II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransının açılışında deyib. Qorxmaz Hüseynov bildirib ki, Bakıda CATEC kimi sərgilərin keçirilməsi Xəzər regionu üçün önəmlidir:"Bu sərgidə elə avadanlıqlar nümayiş olunur ki, bizim regionlarda həmin avadanlıqlara ehtiyac var. Hər regionun özünəməxsus torpağı, suyu və təbiəti var. Düşünürük ki, burda olan texnologiyalardan səmərəli istifadə edə biləcəyik".

 

Qeyd edək ki, "CATEC 2014" sərgisinə 24 ölkədən məhsul və xidmətlərini təqdim edən 79 şirkət qatılıb. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var. İştirakçıların 60 faizindən çoxunu xarici qonaqlar təşkil edir.

 

Müəllif | Apa.Tv