Çinlilərdən daha yaxşı istifadə etdiyimiz Çin bitkisi
Lənkəran rayonunun Talışlı kənd sakini, ixtisasca mədəniyyət işçisi olan Eynulla Cəlalovun maraqlı hobbisi var. O, 10 ilə yaxındır ki, bambukdan məişətdə işlədilən müxtəlif növ əşyalar hazırlayır. Eynulla kişinin APA TV-yə bildirdiyinə görə, çinlilərin "həyat ağacı" adlandırdığı bambuk Lənkərana ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb. Eynulla Cəlalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı bu gün onun əl işləri hazırlamaq üçün əvəzsiz xammal mənbəyidir. "Bu, bizdə əsasən kök vasitəsilə artırlılır. Bəzi mənbələrdə deyilir ki, toxumu ilə çoxaldılır. Amma biz kök vasitəsilə çoxaldırıq. Tez-tez sulayırıq. Su sevən ağacdır. Əsasən, su hövzələrinə yaxın yerlərdə əkilir". Boş vaxtlarını həyətdəki balaca emalatxanasında bambukdan əl işləri hazırlamağa sərf edən ustanın düzəltdiyi məişət əşyaları sırasında çarpayı, stol, stul, kreslo, kitab rəfi daha çox yer tutur. Bu əşyaların hər birinin hazırlanması üçün isə səbr, dözüm, ən başlıcası bacarıq vacib şərtlərdəndir. "Bunun möhkəmliyi diqqətimi cəlb elədi. Ömrü də şox uzundur. Amma nəm yerdə saxlanılmasa. Nəmi sevmir. Günün altında da çox qalmamalıdır". Eynulla Cəlalovun düzəltdiyi əşyalar dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, diploma layiq görülüb. Bambukun xüsusiyyətlərindən söz açan usta bildirib ki, bu, çox nəvaziş və qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunan hər bir ağac 6 həftəyə boy atır. İkinci ildən isə inkişaf etməyə başlayaraq, möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur. Eynulla kişi xammal kimi əsasən 3 illik bambuk ağaclarından istifadə etdiyini deyir. Eynulla Cəlalovun fikrincə, bambuk çox qiymətli ağacdır və ondan mebel sahəsində istifadə etmək səmərəli olar.