Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edildi

Avropa Şurası Parlament Assambleyasında Rusiyanın qurumdakı nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı hesabatın müzakirəsi yekunlaşıb. APA TV-nin Avropa müxbirinin məlumatına görə, keçirilən səsvermə nəticəsində Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səsvermə hüququndan məhrum edilib.

 

Müzakirələrin yekununda hesabatın müəllifi Stefan Şennax Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə qarşı çıxıb. Məruzəçi parlamentarları hesabatda qeyd olunmuş şəkildə, yalnız nümayəndə heyətinin səsvermə hüquqlarının alınmasına səs verməyə çağırıb. Bundan başqa, avstriyalı millət vəkili Rusiya ilə münasibətləri aydınlaşdırmaq məqsədilə bu ölkə ilə Azərbaycan, Moldova, Gürcüstan, Ukrayna kimi qonşu ölkələrə AŞPA daxilində xüsusi qrup yaradılmasını təklif edib.

 

Daha sonra Rusiyanın AŞPA-dakı səlahiyyətlərinin tam şəkildə ləğvinə dair əsas əlavə və dəyişikliklərdən hesab olunan 3, 6, 11, 12, 14 saylı əlavə və dəyişikliklər qəbul edilməyib. Bununla belə, Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər.

 

Sonda qətnamə layihəsi bütünlüklə səsə qoyularaq səs çoxluğu ilə 145 lehinə, 21 əleyhinə qəbul olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv