Göyçayda itkin düşən kişinin paltarları kanalın kənarından tapılıb
Göyçayda itkin düşən kişinin intihar etdiyi güman edilir. Rayon Prokurorluğundan APA TV-nin yerli bürosuna verilən məlumata görə Göyçay sakini, 1969-cu il təvəllüdlü Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə Göyçay rayon Polis Şöbəsinə xəbər verilsə də, onun harada olması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar. Dərhal hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları cəlb olunub. Hazırda kanalda onun meyidi axtarılır. İki uşaq atası olan Sərdar Abdullayevin atası Xanlar Abdullayev oğlunun tez-tez intihar edəcəyini bildirib. O, bunun səbəbini oğlunun xeyli borcunun olması ilə əlaqələndirib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.