Dövlət Komitəsi 4 şirkətə "Halal" sertifikatı verib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verib. APA TV-nin xəbərinə görə, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı keçirdiyi mətbuat konfransında bildirib ki, artıq həmin müəssisələrə "Halal" sertfikat nişanı da təqdim olunub.

 

Fazil Talıblı deyib ki, standarta uyğun məhsul istehsalı ilə bağlı sertifikat almaq üçün müraciət edən müəssisədə araşdırma davam edir.

 

Fazil Talıblı son günlər sosial şəbəkələrdə sosiskanın içərisində qurd tapılması barədə yayılan xəbərə də münasibət bildirib. Komitə sözçüsü deyib ki, araşdırma nəticəsində bunun qurd yox, kağız parçası olduğu müəyyənləşib. Komitə bildirir ki, həmin müəssisə faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

 

Standartın əsas tələblərindən biri olan heyvanın kəsimi və digər xammalların hazırlanması prosesini izləmək məqsədilə "AzSert" əməkdaşları Hindistan, Almaniya, Avsrtriya, Çexiya, Rusiyaya ezam olunub.

 

Müəllif | Apa.Tv