239 sərnişinlə yoxa çıxan təyyarə ilə bağlı yeni xəbər
Malayziya təyyarəsinə məxsus olduğu güman edilən qara qutudan siqnallar əldə edilib. Avstraliya rəsmilərinin dediyinə görə, Orion kəşfiyyat təyyarəsi siqnalları Hind okeanında bundan əvvəl gəmilərin siqnallar aldığı bölgədə aşkar edib.
Axtarışlara rəhbərlik edən Anqus Nyuston deyib ki, akustik məlumat bazası təhlil edilməlidir.
Siqnallar axtarış ərazisini kiçiltsə də, təyyarələr və gəmilər 57 min kvadrat kilometrlik ərazidə işini davam etdirir. Vaxt isə daralır. Belə ki, qara qutunun batereyası 30 gün ərzində yatır.
Qeyd edək ki, 239 sərnişini daşıyan "Boing 777" təyyarəsi martın 8-də yoxa çıxıb. Malayziya rəsmiləri Kuala Lumpurdan Pekinə istiqamət alan təyyarənin səmtini dəyişərək Hind Okeanına düşdüyünü təxmin edir. Lakin buna sübut kimi heç bir dəlil əldə edilməyib.