"Lada Priora"nın vurduğu 2 nəfərdən biri ölüb, digəri ağır vəziyyətdədir
Ağdamda iki nəfər piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam rayon sakini Şükürov Ramil Rafiq oğlu idarə etdiyi "Lada Priora" markalı minik maşını ilə Abbasov Rəşad Nurəddin oğlu və Mirzəyev Mahir Tahir oğlunu vurub. Mahir Mirzəyev aldığı ağır xəsarətdən elə hadisə yerində ölüb. Digər piyada Rəşad Abbasov isə əvvəlcə Ağdam, daha sonra isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə baxış keçirən Yol polisi idarəsinin əməkdaşları qəzanın yüksək sürət səbəbindən baş verdiyini ehtimal edir. Faktla bağlı araşdırma aparılır.