Fövqəladə hallarda necə davranmalı? - TƏLİM

Zəlzələ zamanı hətta hazırlıqlı insanlar belə özlərini itirə bilər. Bundan sonra bir qədər vaxt lazımdır ki, nə olduğunu anlayasan, vəziyyəti qiymətləndirəsən və birinci növbədə, nə etməli olduğunu dərk edəsən. APA TV xəbər verir ki, bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Azərbaycan Turizm İnstitutunda "Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması" mövzusunda təlim kursu keçirib.

 

Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbirlər Fövqəladə Hallar Nazirliyinin 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakı ilə keçirilib.

 

Bakı Regional Mərkəzinin əməkdaşlarının İnstitutun tələbələri ilə birgə hazırladıqları çıxışlar zamanı tədbir iştirakçılarının fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və sair ilə bağlı ətraflı məlumat verilib.

 

Tədbirin praktik hissəsində isə əvvəlcədən müəyyən edilən təlim nöqtələri üzrə nazirliyin qurumlarının fövqəladə hallar zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, İnstitutun həyətində simulyasiya edilmiş partlayıcı qurğunun Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılması və şərti yanğının söndürülməsi əməliyyatları nümayiş etdirilib.

 

Müəllif | Apa.Tv