Bakıda Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyinə dair konfrans keçirilir
"NATO - Azərbaycan münasibətlərinin dinamik inkişafı üçün bu gün kifayət qədər möhkəm əsas var".
APA TV-nin xəbərinə görə, bunu NATO baş katibinin müavini Soran Dukaru “Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcəyi" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, alyans Azərbaycanla enerji təhlükəsizliyi, terrorçuluq və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir: "2014-cü ildən sonra Əfqanıstanda NATO-nun mövcudluğu fərqli bir vəziyyətdə həyata keçiriləcək. Bizim üçün praktiki əməkdaşlığın da çox böyük əhəmiyyəti var. Eyni zamanda bizim bir çox müştərək dəyərlərimiz var. Bunlar beynəlxalq hüquqa hörmət, demokratiya, azadlıqlar və digər məsələlərdir. Ümid edirik ki, Azərbaycanla tərəfdaşlıq daha da inkişaf edəcək".
Müxtəlif ölkələrdə alyansın kibermühafizə üzrə qabaqcıl təcrübə mərkəzlərinin yerləşdiyini deyən NATO baş katibinin müavini qeyd edib ki, alyans kibertəhlükəsizlik sahəsində milli strategiyaların formalaşdırılması üçün bu mərkəzlərdə qazanılan təcrübələri təşkilata üzv olan və üzv olmayan tərəfdaşlarla bölüşmək fikrindədir.
Xarici işlər nazirinin müavini Araz Əzimov tərəflər arasında əlaqələrin hazırkı vəziyyəti və prespektivləri haqqında məlumat verib. Onun sözlərinə görə, konfransın əsas məqsədi 20 il ərzində əldə edilən nailiyyətlər, çatışmazlıqlar; müəyyənləşdirmək, gələcək addımlar üçün səmərəli müzakirələr aparmaqdır. Daha sonra konfrans mətbuatın iştirakı olmadan davam etdirilib.