Toyuq dönəri satan 50 obyekt bağlanıb

"Ötən il Səhiyyə Nazirliyi və Dövlət Baytarlıq Xidmətinin birgə verdiyiqərara əsasən, toyuq dönəri satışı ilə məşğul olan 50-dən artıq obyekt bağlanıb".

APA TV-nin xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirib. Onun sözlərinə görə, Azərbaycanda qanunsuz toyuq dönəri satışı ilə bağlı aparılan monitorinqlər davam edir.

Monitorinqlər zamanı qanunsuz toyuq dönəri satışı faktı aşkarlanırsa, həmin dönərxananın bağlanmasına qərar verilir, müəssisəyə qarşı da sərt cəza tədbirləri görülür. Qanunsuz ət kəsimi aparan yerlərdə keçirilən yoxlamalara gəlincə, Sialə Rüstəmova deyib ki, bununla bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovun da tapşırığı var. Yerlərdə baytarlar gücləndirilmiş iş rejimi ilə çalışırlar.

Sialə Rüstəmova Xəzərdəki xəstə kefal balıqları ilə bağlı vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, kefal balıqları ilə bağlı monitorinqlər davam edir. Bu günə kimi kefal balıqları ilə əlaqədar hər hansı problem müşahidə edilməyib.

 

Müəllif | Apa.Tv