Baytarlıq yardımı üçün 2 milyon manatdan vəsait ayrılıb
Ölkədə ilk dəfə olaraq, ilkin baytarlıq yardımı üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat vəsait ayrılıb. APA TV-nin xəbərinıə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, ayrılan vəsait hesabına 18 ədəd DUK maşını, 100 ədəd yedəkli motosiklet, 2000 ədəd mühərrikli çiləyici, müalicəvi dərmanlar, heyvanları çimizdirmə maddələri, xəstəliyin təyini üçün diaqnostikumlar və dezinfeksiya maddələri alınıb.
Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova isə deyib ki, xüsusi soyuducu maşınlar və digər zəruri vasitələrin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 1,2 mln manat vəsait ayrılıb: "Bu gün təqdimatı keçirilən maşın və avadanlıqlar Rusiyadan gətirilib. İşlər bundan sonra da davamlı olaraq aparılacaq. Lakin nazirin bizə iradı da oldu ki, maşınlar və avadanlıqlar Avropa dövlətlərindən alınsın və son modellər olsun. Qiymətinə baxmayaraq, yalnız keyfiyyətli məhsullar alınaraq, baytarlara verilsin”.
Xidmətin rəisi bundan sonra da avadanlıqların alınacağını deyib.