6-cı sinif dərsliklərində ciddi nöqsanlar aşkarlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 6-cı sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqi nəticəsində bütün dərsliklərdə qüsur və iradlar aşkarlayıb. TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, monitorinq məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların elmi-metodik uyğunluğu, müəllim üçün metodik vəsaitin məzmunun işlənməsi baxımından həyata keçirilib. Bütün dərsliklərdə xeyli qüsur var: “Ancaq burada bir məsələ var ki, ötən il V sinif dərslikləri çox ciddi yoxlanılmışdı. VI sinif dərsliklərinin “Riyaziyyat”dan başqa müəllifləri həmin müəlliflərdir. Həmin müəlliflər də ötən il olanlardan nəticə çıxarıblar və VI sinif dərslikləri V siniflərə nisbətən xeyli düzəlib. Müəlliflər ötən il söylənilən irad və təklifləri nəzərə alaraq daha yaxşı dərsliklər işləyib”. O qeyd edib ki, bütün bunlara baxmayaraq, 6-cı sinif dərslik komplektlərində də qüsurlar aşkarlanıb.
“Qüsur və iradlar bütün dərsliklərdə var. “Ədəbiyyat”, “Həyat bilgisi”, “Riyaziyyat” dərsliklərində isə qüsur daha çoxdur. Bu qüsur və iradların təkmilləşməsi yekun rəydə göstərilib və Təhsil Nazirliyinə təqdim edilib”- deyə o bildirib.