Dağıstanda imam öldürüldü
Dağıstan Respublikasının Qızıl-Yurd rayonunda kənd məscidinin imamı güllələnib. Respublika hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, naməlum iki silahlı şəxs rayonunun Naçaevka kənd məscidinin imamı Məhəmməd Zakaryayevin evinə soxularaq ona bir neçə güllə yarası vurub. İmam aldığı yaralardan hadisə yerində ölüb, qatillər qaçıblar.
Yerli sakinlər hesab edir ki, qətlin səbəbi imamın vəhhabiliyin qarşısını almaq üçün apardığı fəaliyyət olub. Çünki silahlı şəxslər evdə olan imamın qardaşına və həyat yoldaşına atəş açmayıblar. Bundan əlavə, evdən dəyərli heç bir əşya da aparılmayıb. Faktla bağlı Dağıstan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanıb.
APA TV-nin xəbərinə görə, təkcə ötən il Dağıstanda radikal dini qruplaşmanın üzvləri tərəfindən üç imam qətlə yetirilib.