Masallıda ailə faciəsi: ər arvadını öldürdü, 3 körpə başsız qaldı
Masallıda dəhşətli qətl baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Dadva adlanan ərazidə qeydə alınıb. Masallının Seyidlər kənd sakini, 1988-ci il təvəllüdlü Mirpaşa Mirsalman oğlu Ağayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aysel İbrahimxəlil qızı Xancanovanı bıçaqla qətlə yetirib.
APA TV-nin hadisə yerində olan bölgə müxbiri qətlin bəzi təfərrüatlarını öyrənə bilib. Məlum olub ki, Aysel Xancanova 1,5 ay öncə evdən çıxaraq naməlum ünvanda yaşayıb. Qayınatası Mirsalman Ağayevin deyib ki, gəlininin qəfildən yox olması onları da şoka salıb və onun axtarılması üçün polisə məlumat verilib.
Sonradan məlum olub ki, A.Xancanova Bakıdakı kafelərin birində işləyir. İki gün öncə rayona qayıdan Aysellə əri dalaşıb. Bıçağa əl atan ər arvadı öldürüb.
İlkin araşdırmalardan məlum olub ki, hadisəni törətmiş Mirpaşa Ağayevin bir bacısı həm də onun qaynının arvadıdır. Mirpaşa ilə Ayselin qeyri-rəsmi nikahlarından isə üç övladı var.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.