APA TV-yə xəbərdarlıq, narkoman tanışlar, narkotik "qonaqlığı"
Kabil çayının kənarındayıq, şəhərin mərkəzində. Qarşıdakı tikili tikinti materialları satılan bazara oxşayır. Bazarın düz yanındasa, kiçik bir dalan var. Bizi xəbərdar edən bələdçimiz Aref APA TV-nin operatoru Fuada yenə xəbərdarlıq edir:“Sən maşından düşmə. Kameranı sevməzlər. Heç sevməzlər!”
Fuad maşında qalır. Areflə həmin dalana üz tuturuq. 4 nəfərdirlər. Üçü çömbəlib oturub, biri küçənin ortasında, palçığın içində nəsə axtarır, əlindəki sellofan torbaya palçığın içindən tapdığı xırda daşları yığır.
Aref puştunca birinə nəsə deyir. O biri Arefin dediyinə reaksiya vermək istəyir. Amma ağzını açmağa belə taqəti yoxdur. Ağzından selik axır. Divarın yanında duran nisbətən yaşlısı isə üzünü gizlətməyə çalışır deyəsən.
Hə, gizlətməli heç nə yoxdur. Doğrudan da nəyi gizlədəsən axı? Elə, Arefin özü demişkən, guya kim bilmir ki, dünyaya heroinin 90 faizi bu torpaqlardan gedir? Buradan, elə Kabilin mərkəzindən tutmuş Herata, Qəndəhara, Cəlilabada qədər, ölkənin hər yerində xüsusi qoruma altında plantasiyalar var. Və bu plantasiyalardan hər il milyardlarla dollar gəlir götürülür. Efqanlar ozleri mene deyirdilər ki, dünyanın harasında hansı məhsulun bir hektarından 3-4 milyon dollar pul qazanmaq olar? Arpa əkməkdən?”
***
Haqlıdır, bəlkə də. Bunu heç biz də demirik, statistikadır: Əfqanıstanda ildə 380 tona yaxın heroin istehsal olunur ki, bunun da 105 tonu İrana ötürülür. İranda heroinin yalnız 17 tonu daxili istehlaka sərf olunur. Qalanı həmsərhəd ölkələr vasitəsilə ixrac edilir. Heroinin nə qədər təhlükəli olduğunu bilmək üçün təkcə bu rəqəmlərə diqqət yetirmək kifayətdir: hər il əfqan heroinindən dünyada 100 min adam ölür. NATO ölkələrində ölənlərin sayı 10 min nəfərdir ki, bu da həmin ölkələrin Əfqanıstanda 8 ildə həyata keçirdikləri hərbi əməliyyatlar zamanı həlak olanların sayından 5 dəfə çoxdur. Rusiyada əfqan heroini ildə 30-40 min adamı öldürür. Halbuki, Əfqanıstanda 7 illik müharibə zamanı sovet ordusu cəmi 15 min nəfər itki vermişdi.
Əfqanıstanda ötən il 6 min ton tiryək istehsal edilib. Ölkə dünyada ən iri tiryək istehsalçısı sayılır. Burada narkotik istifadəçilərinin sayı 4 milyona yaxındır. Onların da yarısı yaşı 15-dən aşağı olan uşaqlardır. Elə bu kadrda gördüyünüz uşaq kimi…Və yəqin elə bu səbəbdəndir ki, ölkədə kişilər üçün orta yaş həddi 45-dən o yana keçmir…
***
Hə, hər gün, elə burda - parkda və bir də onların şəhər kənarında bir mağaraları var - orada... Elə o mağaralarda da yaşayırlar. Qışda, yayda. Bilirsən orada nə qədər uşaq var? Hələ mən qız uşaqlarını demirəm. Bəlkə də 200-300. Avara, sərgərdan. Çoxu da orada ölüb qalır. Elə özləri, yəni böyüklər götürüb atırlar zibilliyə, ya da o dee... elə bu çaya atırlar meyitlərini. Ya da, gecə itlər gəlib yeyir. Səhər də sür-sümüyün bir torbaya yığıb, atırlar. Onlar üçün müalicəxanalar da azdır Əfqanıstanda. Bir, iki ola, ya olmaya... Ata-anası yaxşı olanda, belə uşaqları evdə zəncirləyirlər, qoymurlar çölə çıxa. Yoxsa, elə beləcə, məhv olub gedirlər...
Ver, ver, büksün. Bəlkə danışdı. Amma heç inanmıram. İndicə sönüb yıxılacaq.
***
Təbəssümlə bizə baxır. Dərindən köks də ötürür, rahatlaşmış kimi. Bir az o üzdə çömbələni isə heç nə anlamır, məncə. Sadəcə baxır. Əlindəki siqaretə doldurduğu tiryəkdən çıxan tüstünü canına ala-ala, can verir sanki...
Mən onun heroini siqaret cığarasının üstünə necə töküb və məhz hansı səbəbdən yandırdığının fərqində deyiləm. Hə, cığaranı yandırır, cığaradan çıxan tüstünü sinəsinə çəkir, nə bilim, diliylə yalayır…
O qoca kişini görürsən? Dəli kimi bağıra-bağıra danışanı deyirəm. Heroini o satır. Yəni bu tərəflərdə satışa-filana cavabdeh odur. Sən nə danışırsan? Nə polis? Bunun qarşısını almaq mümkün deyil, qardaş. Nə narkomanların, nə də narkomaniyanın! Allah bunu Əfqanıstana bəla göndərib, bəla! Allah özü kömək olmasa, bu millət müharibələrdən, terrordan yox, bu bəladan məhv olub gedəcək. Dərd odur ki, qonşu ölkələrdən də yığışıb bura gəlirlər. Pakistandan, Hindistandan, lap elə Tacikistanda. Oralarda ağır cəza var axı belələrinə. Bura isə cənnətdir narkomanlar üçün. Həm tapmaq rahatdır, həm də çəkənə cəza yoxdur! Nə şpris? Bir şprisdən azı 20 nəfər istifadə edir. Bax, yaxınlaşaq o kişiyə. Elə küçənin ortasındaca açacaq dəsmalını bir çimdik tökəcək ovcuna. Hə, elə buradaca, yolun qırağında. 500 əfqani istəyəcək əvvəlcə bir qramına. Amma bir az bazarlıq yapsan, qiymətdə düşəcək.
…500 əfqani 9 dollara yaxın pul edir…
…Bazarlıq yapdıq… və 350 əfqaniyə kimi endiriminə nail olduq, 1 qram heroinin... Hə, təəccüblənməyin, 6 dollara aldıq, bir qramını…
O biri isə palçıqdan daş yığır, xırda daşları torbasına tökür. Amma əvvəlcə dişləyir, dadına baxır, sanki. Yanındakı uşağı çəkə bilmədik, təəssüf. Daha doğrusu…Tanıyanlar bilir, mənim qədər bivec birisi o uşağın heroindən çıxan tüstünü necə iyləməsinə tamaşa edə bilmədim. Üzümü çevirdim. Baxa bilmədim. O…
...O isə gülürdü, İlahi!!!
...Özü də elə şirin... ((((
***
Bu lənətə gəlmiş yeri tərk edib, otelə dönəndə bizi aparan sürücü çayın kənarında puştunca Arefə nəsə dedi. Aref isə bizə tərəf baxıb dinmədi:
- Nəsə olub?
- Yox.
- Bəs nə deyirdi?
- …
- Yenə də.
- İki uşağımı o zəhrimara görə basdırmışam deyir. Biri 13, o biri 14 yaşında…