Əhməd Davudoğlu: " Azərbaycan torpaqlarındakı işğala son qoyulması üçün əlimizdən gələni edirik"
"Türkiyə Azərbaycan torpaqlarındakı işğala son qoyulması üçün əlindən gələni edir".
APA TV-nin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yaponiyada bəyan edib. O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində 1915-ci il hadisələri ilə bağlı erməni iddiaları barədə qanun layihəsinin qəbulundan danışarkən bildirib ki, Ankara Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir: "Ermənistanla əlaqələrin normallaşdırılması, Ermənistanla Azərbaycan arasında problemlərin həlli və Azərbaycan torpaqlarındakı işğala son qoyulması, eləcə də, türk və erməni diasporları arasında dostluq münasibətlərinin qurulması üçün səyləri davam etdirir".
Əhməd Davudoğlu xatırladıb ki, Türkiyə parlamenti hələ 2005-ci ildə ortaq tarix komissiyasının yaradılmasını təklif edib. Buna baxmayaraq, hər il aprelin 24-ü yaxınlaşdıqca erməni tərəfi Türkiyəyə təzyiq etməyə çalışır. Türkiyənin xarici işlər nazirinin fikrincə, Birləşmiş Ştatlarda qondarma soyqırımı iddiaları ilə bağlı qanunun qəbulu Türkiyə və Ermənistan arasında mövqelərin uzlaşdırılması prosesinə mənfi təsir göstərəcək: "Ukrayna olayları da göstərdi ki, belə böhranlar dərinləşəndə istənməyən nəticələr verə bilir. Bu baxımdan, indi sülhün müzakirə edilməli olduğu günlərdir".
Əhməd Davudoğlu ümid etdiyini bildirib ki, ABŞ Senatındakı aqil insanlar siyasi manevrlərə alət olmayacaqlar.