Salyanda evdən oğurluq edən dilənçi qadınlar tutulub
Salyan polisi evdən 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan dilənçi qadınları yaxalayıb. APA TV-nin xəbərinə görə, oğurluq hadisəsi Salyan rayonunun Boranıkənd kəndində baş verib. Həmin kəndin sakini Elçin Əliyev rayon polis şöbəsinə gələrək evindən naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Bundan sonra polis şöbəsinin əməkdaşları dərhal hərəkətə keçiblər.
İlkin istintaq zamanı məlum olub ki, Bakıda yaşayan Yevlax rayon sakinləri, 33 yaşlı Almara Yusif qızı Nadirova və 60 yaşlı Zuhrə Bəkir qızı Mahmudova dilənçilik etmək məqsədilə Salyanın Boranıkənd kəndinə gəliblər. Həmin vaxt Elçin Əliyevin evinə gələn qadınlar heç kimin olmadığını görərək, evdən 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar. Lakin dilənçi qadınlar polisin əlindən uzağa qaça bilməyiblər. Şöbəyə gətirilən qadınlar törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, istintaq aparılır.