Uşaqlarınızın anadangəlmə qüsurlu olmaması üçün bunları edin - RƏY
"Son 3 ildə Kubra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinə daxil olan uşaqların sayı artıb. 2011-ci ildə bu rəqəm 1366 idisə, 2013-cü ildə onların sayı 2007 olub".
Bunu APA TV-yə Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinin müdiri Gündüz Ağayev deyib. Əməliyyata cəl olunana az yaşlı uşaqların sayına gəlincə, 2011-ci ildə əməliyyat olunan uşaqların sayı 1173 nəfər olub. 2013-cü ildə isə 1738 əməliyyat baş tutub.
"Hansı anadangəlmə qüsurlara daha çox rast gəlinir?" sualına isə Gündüz Ağayev belə cavab verir: "0-3 yaş arası uşaqlarda ən çox rast gəlinən qüsurlar həzm traktnın atreziyaları-yəni keçməzliyidir. Qida borusunun nazik və yoğun bağırsağı atreziyası, nadir hallarda öd yollarının atreziyasına da rast gəlinir. Yaşca böyük uşaqlarda isə ən çox rast gəlinən inkişaf qüsurları qasıq nahiyəsinin yırtıqlarıdır".
Gündüz Ağayevin sözlərinə görə, hamilə olarkən xəstələnməməyə, sağlam həyat keçirməyə diqqət etmək lazımdır. Alkoqolun qəbul edilməsi, siqaret çəkilməsi, həkim nəzarətindən əlavə hər hansı bir dərmanın özbaşına qəbulu ana bətnində körpəyə birbaşa təsir edir: "Hamiləlik zamanı qızılca xəstəliyini keçirmək, yaxud diabet xəstəsi olan qadınların şəkəri normasında saxlamaması da uşaqda ürək qüsurlarının yaranmasına səbəb ola bilir. Təbii ki, irsi faktorlar da var. Körpə ana bətnində olanda belə onun qüsurunun olub-olmaması müəyyən ola bilər".