Ukraynada prezident seçkiləri baş tutmaya bilər
Ukrayna prezidentliyinə namizəd Oleq Tsaryov hesab edir ki, seçkilər baş tutmayacaq. "RİA Novosti"nin xəbərinə görə, bu barədə Tsaryov Donetsk şəhərində federallaşma tərəfdarları ilə görüşü zamanı deyib.
"Mən əminəm ki, seçki olmayacaq. Əlimdən gələni edirəm ki, olmasın. Və bunu etmək çox sadədir. Əgər mandatım varsa. Əks halda mən bura gələrkən Kiyevdə və ya başqa yerdə tutub basardılar içəri. Hər şey də sona çatardı" deyə o bildirib.
Qeyd edək ki, Ukraynanın Donetsk, Xarkov və Luqansk şəhərlərində ötən bazar federallaşma tərəfdarlarnın aksiyası keçirilib. Donetsk və Xarkov şəhərlərindəki aksiyaçılar vilayət administrasiyalarının binalarını nəzarətə götürüblər.
Bu arada Rusiya Krıma görə Ukraynaya pul təklif edib. Bunun üçün Ukrayna Krımın Rusiya ərazisi olduğunu tanınmalıdır. UNİAN agentliyinin xəbərinə görə, bu barədə Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov bildirib.
Onun sözlərinə görə, Ukraynada konstitusiya islahatları, seçkilər keçirilməli, ruslar diskriminasiyaya məruz qalmamalıdırlar.
"Konstitusiya islahatları keçirilməli, prezident seçkiləri keçirilməli və danışılması mümkün olan legitim hakimiyyət formalaşdırılmalıdır. Krım ətrafındakı vəziyyətin legitimləşməsi, Ukraynanın şərqindəki gərginlik rus əhali diskriminasiyaya məruz qalmadan, Ukrayna qanunları əsasında və qan tökülmədən nizama salınmalıdır. Bu tip məsələləri biz Rusiyanın Ukraynaya əlavə maliyyə yardımı üçün şərt kimi qoyuruq" deyə Anton Siluanov əlavə edib.