Məzahir Əfəndiyev: "Məktəblilər arasında narkotik istifadəçilərinin sayı artır"

"Azərbaycanda narkotikə aludə olan şəxslərin yaş həddi aşağı düşür. 2013-cü ildə qeydiyyata götürülmüş şəxslərin 8 nəfəri 18 yaşına çatmayan  yeniyetmədir".

 

Bunu APA TV-yə müsahibəsində Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib. Onun sözlərinə görə, ötən il iki məktəbli  də narkotik istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb olunub: "Narkotikə meyllilik edən gənclərin sayı kifayət qədər çoxdur. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyi bu sahə təbliğat və maarifləndirmə işlərini gücləndirməlidir. Xüsusi kurikulumlar hazırlanmalıdır. Daha ciddi profilaktik tədbirlərə üstünlük verilməlidir".

 

Məzahir Əfəndiyevin sözlərinə görə, bu problemlə mübarizəyə cəmiyyət də sipər çəkməlidir.

 

Bildirilib ki, hər hansı Azərbaycan övladının bu bəlaya düçar olması ciddi problemdir.

 

Məktəblərdə təlim-tərbiyə üzrə disputlar, alimlərlə görüşlər keçirilməlidir. Məktəb təkcə müəllimlə şagirdin görüş yeri olmamalıdır.

 

Məzahir Əfəndiyev hesab edir ki, problemlə bağlı dövlət proqramı olmalı və ona uyğun işlər görülməlidir: "Bu, çox ciddi problemlər yarada bilər. Bugünkü ata-analar az-çox övladlarına nəzarət edə bilirlər. Ancaq böyüyən nəslin gələcəkdə övladlarına nəzarəti çox çətin olacaq. Mən bunun gələcəyini dəhşətli görürəm".

 

Qeyd edək ki, artıq Rusiyada məktəb yaşlı uşaqların orqanizmində narkotik maddələrin olub-olmamasını üzə çıxarmaq üçün testlərə  başlanılıb. Proqramın icrası Vladimir Putinin təşəbbüsü ilə həyata keçirilir.

 

Rus mətbuatının yazdığına görə, əvvəlcə proses könüllü şəkildə həyata keçirilib.

 

Testlərə 9,10 və 11-ci sinif şagirdləri cəlb olunub.

 

Sadəcə, prosesin icrası üçün valideynlərin yazılı razılığı olmalıdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı