Bələdiyyə sədrinin evindən xeyli pul və qızıl oğurlanıb

Sabirabadda sosialist əməyi qəhrəmanının evindən külli miqdarda pul, qızıl-zinət və digər əşyalar oğurlanıb. Bu barədə APA TV-nin Mil-Muğan bürosuna Sabirabad polis şöbəsindən məlumat verilib.  Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilindən külli miqdarda pul, qızıl və müxtəlif ev əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin müvafiq qurumları və Sabirabad polis şöbəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində məlum olub ki, evdən oğurluq edən şəxs Əhmədabad kənd sakini, 1971-ci il təvəllüdlü, əvvəllər oğurluq və xuliqanlıq cinayəti ilə məhkum olunmuş Umudov Elşən Malik  oğludur. Elşən Umudov 2013-cü ilin  aprel ayından başlayaraq, 2014-cü ilin mart ayının əvvəllərinə qədər olan dövr ərzində Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilindən 26 min manat civarında pul, qızıl və müxtəlif ev əşyalarını oğurlayıbr. Həmin şəxs barəsində Sabirabad rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qəti imkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, evi qarət olunan Fatma Hüseynova SSRİ sosialist əməyi qəhrəmanı, məşhur pambıq yığan və Azərbaycan SSR ali sovetinin bir neçə çağırış deputatı olub. Hazırda Sabirabad rayonu Qaratəpə kənd bələdiyyəsinin sədri, Prezident təqaüdçüsüdür. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı