Ölkədə boşanmalara ən çox səbəb olan faktlar hansılardır?

"Son 8 ildə Azərbaycanda boşanmaların sayı artıb. Əvvəlki illərdə nikaha girənlərin 5 faizi boşanırdısa, indi il ərzində nikaha girən 80-90 min cütlüyün 9-10 mini ayrılır". Bunu APA TV-yə Milli Məclisin komitə sədri Hadı Rəcəbli deyib.

 

"2013-cü ildə bu rəqəm 11 faizə çatıb. Bunun nəticəsində isə ailələr arasında münaqişələr də kəskin artıb. Bu gün ayrılan cütlüklərin əksəriyyətinin ciddi  mülkiyyət münaqişəsi var. Belə olan halda gəlini qeydiyyata almırlar. O isə iki-üç uşaqla evsiz qalır". Komitə sədrinin sözlərinə görə, bu münaqişələrin qarşısını almaq məqsədi ilə ailə məcəlləsinə yenidən əlavələr olunacaq. Dəyişikliklərə görə, bundan sonra övlada veriləcək aliment də mülkiyyətə yönələcək. Bundan əlavə, məcəlləyə nikaha girərkən mülkiyyət müqaviləsinin bağlanması bəndi də əlavə olunacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) baş məsləhətçisi Aynur Veysəlova boşanma hallarının sayının çoxaldığını deyib. "2012-ci ilin ilk 6 ayı ərzində boşananların sayı 2011-ci ilə nisbətən 0,1 faiz artıb. 2011-ci ildə bu rəqəm 5,3 min nəfər olub. 2013-cü ilin  birinci rübündə ölkədə 16 min nigah bağlanıb. Boşanmaların sayına gəldikdə isə bu rəqəm 2800 olub". Nikahların pozulmasının səbəbinə gəlincə, Aynur Veysəlova deyib ki, boşanma üçün müraciət edən cütlüklərin 75-80 faizi biri-birini başa düşmədiyini əsas gətirir. Sonrakı yerləri isə ailə zorakılığı, qısqanclıq, uşağın olmaması səbəbləri tutur.

"Əslində boşanmaların əksəriyyətində xarakter uyğunsuzluğu səbəb kimi göstərilsə də, əsl səbəblər üzə çıxmır.  Digər səbəblər isə zərərli vərdişlərə aludəçilikdir ki, bu da sonradan ailə həyatını, insanların birgə yaşayışını dözülməz vəziyyətə gətirib çıxarır".  Aynur Veysəlovanın sözlərinə görə, Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerləri nikaha girən tərəflərin maddi maraq güdməsi, valideynlərin övladlarını evlənməyə məcbur etməsi və xarici görünüşə önəm verilməsi də tutur.

 

"Digər bir səbəblər isə insanların ailəyə baxışlarının dəyişməsidir. Yeni innovativ texnologiyaların olması insanların yaşamına çox müsbət təsiri olduğu kimi, mənfi təsirləri də az deyil. Bəzən insanlar arzusunda olduğun həyata çata bilmədiyi üçün özünün itirir. Bundan sonra isə parçalanma başlayır".

 

Mütəxəssislərin fikrincə, tərəflər arasında ünsiyyət qıtlığı da öz növbəsində ailədaxili münaqişələrə gətirib çıxarır. Sonda isə hər iki tərəf boşanmaya qərar verir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı