Allahşükür Paşazadə şimal rayonlarına səfər edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 12-də Şabran və Siyəzən rayonlarında olub. APA TV-nin xəbərinə görə, Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Ardınca Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə şeyx Azərbaycanda mövcud dini durum barədə danışıb. O, müstəqillik illərində çox sayda məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb.
Müşavirədə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, akademik Vasim Məmmədəliyev, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli də çıxış ediblər. Vurğulanıb ki, tarixən Azərbaycanda dinlər, məzhəblər arasında heç bir qarşıdurma olmayıb.
Şeyxülislam Allahşükür Paşazadə Şabrandakı Xıdırzində məscidini ziyarət edib. Buradakı dini icmanın nümayəndələri ilə görüşdən sonra məscidin təmiri üçün 10 min manat yardım ayrılıb və müxtəlif dini ədəbiyyatlar təqdim olunub.