Evdə saxlanılan qartal həyətdəki itin gözlərini çıxardı, ev yiyəsini yaraladı
Kürdəmirdə fərdi yaşayış evinin həyətinə qartal düşüb. APA TV-nin məlumatına görə, qartal əvvəlcə ona hücum edən itin gözlərini çıxarıb. Böyük Kəngərli kənd sakinləri Əmirxan Abışov və Sərxan Hüseynov onu tutmaq istəyərkən əl və ayağından, üzündən xəsarətlər alıblar. Əvvəlcə qartalın haradan gəlməsi və kəndə düşməyinin səbəbi heç kimə bəlli olmayıb. Sonra məlum olub ki, qartal kənd sakini Sadiq Məmmədova məxsusdur. Sadiq Məmmədov iki ay əvvəl qartalı boş torpaq sahəsindən ov zamanı taparaq öz həyətinə gətirdiyini və bəslədiyini bildirib. O, qartalı heyvanxanaya təhvil vermək istəmədiyini və özü saxladığını deyib. Qartal dəmir qəfəsdən təsadüf nəticəsində çıxaraq uçub. Sadiq Məmmədovun sözlərinə görə, ev quşu olmayan qartalı saxlamaq çətin və təhlükəlidir. Ətlə qidalanan qartal özünü müdafiə etmək üçün kiməsə xəsarət yetirə bilər. Ona görə də kənd sakinləri bu vəhşi quşun azyaşlı uşaqlara xəsarət yetirəcəyindən ehtiyat edir və quşun heyvanxanaya verilməsini istəyirlər.